• Bz. Apr 28th, 2024

İSLAHATLAR PAKETİ XALQIN RİFAH HALININ
YÜKSƏLDİLMƏSİNƏ YÖNƏLDİLİB

Byyenigun

Dek 27, 2021

Ulu öndər Heydər Əliyevin başladığı sosial islahatlar 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərmanlarla onlarca proqram qəbul edilib və həyata keçirilir.
Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra sosial, humanitar layihələr, o cümlədən ailə quran şəxslərin nikahdan əvvəl icbari tibbi müayinədən keçməsi, ana və uşaqların mühafizəsi, talassemiya və hemofiliya xəstələrinə dəstək haqqında, habelə valideyn himayəsindən məhrum uşaqların, I və II qrup əlil uşaqların təhsil haqlarının ödənilməsi təhsil və səhiyyə sahəsində islahatların bir mərhələsi kimi olduqca əhəmiyyətlidir.
Prezident İlham Əliyevin siyasəti həmişə belə olub ki, bizim iqtisadiyyatımız inkişaf etdikcə, əhalimizin sosial müdafiəsi də gücləndirilsin. Yəni, iqtisadiyyatdan əldə olunan gəlirlər əhalinin sosial müdafiəsinə, rifahının güclənməsinə yönəldilsin. Azərbaycanın siyasətində son dövürlərdə sosial sahə həmişə prioritet istiqamət təşkil edib.
Azərbaycan dövlətçiliyi tarixinə sosialyönümlü il kimi düşən 2019-cu ildə dövlət başçısı tərəfindən iki sosial paket, eyni zamanda, xeyli fərman və sərəncam imzalanıb. Bu sənədlərin icrası ilə bağlı 4 milyon 200 min nəfər Azərbaycan vətəndaşının həyat şəraiti yaxşılaşıb. Pensiyalar, əmək haqları, sosial müavinətlər, təqaüdlər artıb, banklara on min dollara qədər kredit borcu olanların problemi həll edilib. Bir il ərzində minimum əməkhaqqının iki dəfə artırılması dövlətin öz vətəndaşına münasibətinin göstəricisidir. Qeyd etmək lazımdır ki, maaş artımı təkcə büdcə təşkilatlarında deyil, eyni zamanda, özəl sektorda çalışanlara da şamil edilib.
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncam və Fərmanlar da əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurla davam etdirilməsinin ən bariz göstəricisidir. Belə ki, Prezident İlham Əliyevin 2022-ci ilin ilk sosial paketinə daxil olan sərəncamları əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dövlət siyasətində prioritet olduğunu təsdiqləyir. İmzalanmış yeni Fərman və Sərəncamlar ilə təkcə müavinət və təqaüdlərin artırılması 732 min şəxsi əhatə edir ki, bu da olduqca böyük bir göstəricidir və olduqca böyük maliyyə vəsaiti tələb edir. Məhz bu məqsədlə də nəzərdə tutulan artımlar üçün illik əlavə 200 milyon manat ayrılıb. Minimum əməkhaqqının artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri yeni Sərəncama uyğunlaşdırılacaq.
Prezidentin həyata keçirdiyi sosial islahatlar bir daha sübut edir ki, ən çətin anlarda belə dövlət vətəndaşını unutmur, onun yüksək rifahını təmin etmək üçün bütün zəruri addımları atır.
Rövşən Əzizov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir