• C. May 10th, 2024

MİLLİ MARAQLARA SÖYKƏNƏN SİYASƏT

Byyenigun

Dek 25, 2021

Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.Ölkəmizin xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib ki, Madrid prinsipləri 10 il əvvəl idi. Ermənistanı Azərbaycan ərazilərini tərk etməyə və BMT Təhlükəsizlik Şurasının bunu tələb edən qətnamələrinə əməl etməyə yola gətirmək və ya məcbur etmək üçün yeganə yol Ermənistana qarşı sanksiyalar tətbiq etmək idi. Azərbaycan xalqı Minsk qrupu üçlüyünün bu daimi səfərlərindən yorulmuşdu. Əgər Minsk qrupunun həmsədrləri – dünyanın aparıcı ölkələri, Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü, 3 nüvə dövləti, dünyanın ən güclü ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi. Onlar 28 il fəaliyyət göstərdilər. Onlar ildə bir neçə dəfə gəlib-gedirdilər və heç bir nəticə yox idi. Onların fəaliyyəti faktiki olaraq 2019-cu ildən sonra, Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” bəyan edəndən sonra tamamilə iflic oldu. Digər məsələ ondan ibarətdir ki, bir qədər sonra Ermənistan rəhbərliyi dedi ki, Qarabağ müstəqil ölkədir. Ermənistanın hədəfi bu idi və təəssüflər olsun ki, Minsk qrupu bu işdə onlara kömək etdi.
Müsahibədə toxunulduğu kimi, Avropa Komissiyası tərəfindən Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə 140 milyon dollarlıq dəstək paketinə gəldikdə isə bu, ədalətsiz bir münasibətdir. Dövlətimizin başçısı bunun da ətraflı şərhini verib. Rəsmi İrəvanın hərbi cinayətləri müharibədən sonrakı dövrdə də davam edir. Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub, 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o, özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz. Yanaşma vahid standartlara əsaslanmalıdır. Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsait ayrılmalıdır. Uzun müddət işğal siyasəti yürüdən, Azərbaycan ərazilərini xarabalıqlara çevirən, sakinlərini məcburi köçkün vəziyyətinə salan Ermənistana bu məbləğdə dəstək, təbii ki, ikrah yaradır.
Dövlətimizin başçısı baş verə biləcək revanşizm cəhdlərinin qarşısının dərhal alınacağı ilə bağlı mesaj da verib. Təbii ki, revanşist xarakterli təxribatların Ermənistan tərəfi üçün heç bir nəticəsi olmayacaq. Onsuz da, ağır olan vəziyyətlərini daha da ağırlaşdıracaq və ölkələrini düşdükləri bataqlıqda qərq edəcəklər. Qalib Azərbaycanın diktə etdiyi şərtləri mütləq qəbul etməlidirlər, onların gələcək inkişafı məhz bundan asılıdır.
Varid Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir