• C. May 10th, 2024

YENİLİKÇİ DÖVLƏT BAŞÇISI

Byyenigun

Dek 23, 2021

Azərbaycan xalqına başçılıq edən Prezident İlham Əliyev yaşadığımız sürətlə dəyişən, dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə başçımız müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Dünya bu gün iqtisadi inkişafın Azərbaycan modeli ilə maraqlanır. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin – Qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir.
Bu gün Azərbaycan xalqı haqlı qürur hissi keçirir ki, onun prezidenti dünyanın hər yerində öz ölkəsinə, doğma xalqına böyük hörmət və nüfuz qazandırır, Vətənimiz uğur dalınca uğura qovuşur, ölkə başçısı doğma xalqının, el-obasının qayğıları ilə yaşayır. Qurucu Prezident gecə-gündüz xalq içərisindədir. Yurdun bütün bölgələrində quruculuq-abadlıq işlərinə şəxsən özü rəhbərlik edir.
Bizim Qələbəmiz müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması, Qarabağın bərpası və Böyük Qayıdış strategiyası Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının tükənməz aktuallığını təmin edir. Sözügedən strategiya yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Belə ki, layihələndirmə işlərində tətbiq olunan yeniliklərin bir çox dövlətlər üçün nümunəvi model kimi qəbul olunması və məsələ ilə bağlı səslənən beynəlxalq etiraflar Qayıdış strategiyasının effektivliyi və perspektivliyi haqqında xəbər verir.
Əziz Prezidentimiz! Müasir Azərbaycanın davamlı inkişaf və firavanlaşma yolunda nailiyyətləri Sizin dövlət başçısı vəzifəsində konstruktiv və uzaqgörən siyasətinizin nəticəsidir. Siz yüksək peşəkarlığınız və qazandığınız həyat təcrübəsi sayəsində bizə dost Azərbaycanın suverenliyinin və təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verirsiniz, xalqınızın rifahının və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasını təmin edirsiniz. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Fərqanə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir