• Ca. Apr 25th, 2024

ZƏFƏR PARADI – DÖVLƏTÇİLİK TARİXİMİZDƏ
ÖNƏMLİ HADİSƏDİR

Byadmin

Dek 10, 2021

Ötən il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.
Zəfər paradı Azərbaycanın hərbi gücünün növbəti nümayişi oldu. Cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz öz tarixi missiyasını şərəflə yerinə yetirdi. Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndülər.
Hələ bir neçə ay Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən keçmiş müdafiə naziri D.Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Bəli, erməni tankları Bakıya gəldilər, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi.
Paradda qənimət götürülmüş Ermənistanın hərbi texnikasının nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməniliyinə, Ermənistanın havadarlarına verilən bir mesaj idi. Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.

Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. Bunun üçün gərək sənin tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun. Çünki silah bazarı çox həssasdır. Burada ancaq kommersiya, biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir. Biz tərəfdaş ölkələrdən elə texnika, elə silahlar almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim ehtiyat imkanlarımız var və İkinci Qarabağ müharibəsi bunu göstərdi.
Zəfər paradımız beynəlxalq səviyyədə qəbul edilmiş sənədlərin hərbi yolla icrasının reallaşdırılmasının göstəricisidir. Biz, xalqımızın qələbəsi ilə fəxr edirik.
Fərqanə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir