• C. Apr 19th, 2024

ZƏFƏR PARADI QƏLƏBƏMİZİN NİDASIDIR

Byadmin

Dek 11, 2021

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə Zəfər Gününü yazdı. Bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olundu. Bu tarix 30 il həsrətlə gözlədiyimiz sevinci xalqımıza yaşatdı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğala son qoydu, düşmənin illərdir qurduğu istehkamları yarıb keçdi, hərbi texnikasını məhv etdi, qənimət kimi götürdü, Ermənistanı kapitulyasiyaya məcbur etdi.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidasıdır. Bu, müzəffər Ali Baş Komandanımızın bəyan etdiyi “Qarabağ Azərbaycandır!” həqiqətinin məntiqi nəticəsidir. 8 noyabr Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti oldu. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qələbə Bəyanatını fəxrlə, Ermənistanın baş naziri Nikol Paşinyan isə gizli şəkildə imzaladı. İndi Azərbaycan xalqı qüdrətli sərkərdə və müdrik lider İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşib bayram tədbirlərini keçirir, ermənilər isə Paşinyanın istefasını tələb edir. Məhz bu fərqli yaşananlar qalib Azərbaycanın üstünlüklərinin, məğlub Ermənistanın məhvinin aydın mənzərəsini təqdim edir. Hər bir tarixi gün onun mahiyyətinin açıqlanmasında, bu günümüz və gələcəyimiz üçün önəminin düzgün dəyərləndirilməsində ən zəngin mənbədir. Bu baxımdan, illər keçdikcə Zəfər Gününün, eyni zamanda, onun sevincini paylaşmaq üçün keçirilən tədbirlərin əhəmiyyəti daha aydın görünəcək. 29 illik müstəqillik tarixinə malik olan Azərbaycan 27 ildə, yəni, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, ordu quruculuğu istiqamətində əldə etdiyi uğurların fonunda ilk dəfə Qələbə paradı keçirdi. Qələbəmizdə birliyimiz də mühüm rol oynadı. Prezidentin göstərdiyi dəmir yumruq kimi birləşdik.
Zəfər Paradında müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək. Parada, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq. Bu parad digər hərbi paradlardan tamamilə fərqlənəcək. Adından da göründüyü kimi, bu parad özündə Qələbə əhval-ruhiyyəmizi, sevincimizi ehtiva edəcək. Parad öz möhtəşəmliyi, ağırlığı, mahiyyəti ilə seçiləcək. Peşəkar, döyüş ruhlu ordusu olan xalqın müstəqilliyi əbədidir. Paradda döyüşdə iştirak edən hərbi hissələrin nümayəndələri də olacaq. Azadlıq meydanında torpaqlarımızı azad edən əsgərlər sıra addımı ilə qələbəni qeyd edəcəklər. Paradı izləyən hər kəs qürur və sevinc göz yaşı axıdacaq. Həm də Birinci Qarabağ savaşında, Vətən müharibəsində canlarından keçən şəhidlərin ruhları bizimlə olacaq.
Onu da deyim ki, cənab Prezident Silahlı Qüvvələrin 100 illiyində keçirilən paradda çıxışı etmişdi. Ölkə başçısı söyləmişdi ki, düşməni məğlub edəcəyik və Azadlıq meydanında qələbə paradı keçirəcəyik, zəfər bayrağını bura gətirəcəyik. İki il sonra cənab prezident bunları reallaşdırdı. Gördük ki, bizim güclü, qüdrətli, qətiyyətli, müdrik liderimiz var. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan torpaqları azad olundu. İndi Azərbaycan əsgəri təmas xəttində deyil, dövlət sərhədində xidmət edir. Ordumuzun gücü, möhkəm hüquqi bazaya əsaslanan diplomatik qələbəmiz nəticəsində soydaşlarımız tezliklə doğma yurd-yuvalarına qayıdacaq.
Aqil Nəzərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir