• C. Dek 27th, 2024

“Dövlət qurumları qazilərin müraciətlərinə daha çevik baxmalıdırlar” – RƏY

ByYenigun.news

İyn 2, 2022

“Azərbaycanda dövlət tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə hər zaman yüksək diqqət və qayğı göstərilməkdədir. Prezident İlham Əliyev hər dövlət strukturu qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, fərdi evlərin, mənzillərin verilməsi, nəqliyyat vasitələri ilə təmin olunmaları, onlara reabilitasiya xidmətləri, müasir protezlərlə təminat, məşğulluq problemlərinin həlli və digər bir sıra mühüm addımlar atılır:

“Ancaq bəzən elə hallar olur ki, müəyyən problemlərin həllində ləngimələr olur, müəyyən problemlər həllini tapmayıb. Azərbaycan dövləti bu istiqamətdə ardıcıl mühüm tədbirlər həyata keçirir. Belə olan halda bəzən biz görürük ki, bəzi qazilərimiz problemlərin həlli ləngiyəndə müəyyən dərəcədə aqressiv olurlar. Ancaq nəzərə almaq lazımdır ki, bütün dövlət qurumlarına edilən müraciətlərə həssas yanaşılmalıdır və yanaşılır da. Düşünürəm ki, bu məsələdə həm dövlət məmurları, həmdə qazilər tərəfindən həssas və diqqətli yanaşma olmalıdır. Çünki belə hallar baş verdikdə ölkəmizdə fəaliyyət göstərən bəzi xarici ermənipərəst qüvvələrin diktəsi altında fəaliyyət göstərən dairələr bunu birbaşa siyasi alətə çevirirlər. Ona görə də bu məsələdə diqqətli olmaq lazımdır”.

Deputatın sözlərinə görə, Azərbaycan qalib bir dövlətdir, dünyada nüfuzu artmaqdadır və bütün məsələlərdə olduğu kimi, bu məsələnin də sonrakı mərhələdə daha sivil yolla həlli istiqamətində daha mühüm addımlar atılacaq:

“Hörmətli qazilərimiz də bu məsələdə gərək daha səbirlə, təmkinlə addım atsınlar, o cümlədən aidiyyəti qurumlar da qazilərimizin müraciətlərinə daha çevik formada baxsınlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir