Fevralın 21-i Mehriban xanım Əliyevanın Birinci Vitse Prezident postuna təyin olunduğu gündür. Mehriban xanımdan soruşsanız ki, onun üçün ən əsas təltif nədir, cavabında eşidərsiniz: insanların hörməti. Planetimizin müxtəlif guşələrindən minlərlə insan Mehriban xanıma həqiqətən çox qiymətli olan bu hədiyyəni bəxş edir – onun tükənməz xeyirxahlığına, səmimiyyətinə və dünyamızı daha yaxşı, daha təmiz və daha gözəl etməyə çalışdığına görə. “Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır” – Bu sözləri Birinci vitse-prezident Mehriban xanım Əliyeva söyləyib. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdir. Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban Əliyevanın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi ilk vaxtlardan görünməyə başladı. O, yaxşı dərk edirdi ki, bütün zamanlarda milləti qədim, köklü xalq kimi tanıdan və dünya cəmiyyətində qəbul etdirən onun dili, mədəniyyəti, tarixi, milli-mənəvi dəyərləridir. Məhz buna görə də o, özünün çoxşaxəli fəaliyyətini bu amillər, prinsiplər üzərində qurdu. Bütün ictimai şüuru ilə Azərbaycançılıq ideologiyasına bağlı olması, dövlətçiliyin qorunması və qüdrətlənməsi namınə fəaliyyət göstərməsi az bir zamanda Ona xalqın böyük rəğbətini, sevgisini qazandırdı.
Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub Mehriban xanım Əliyevanın Azərbaycan cəmiyyəti üçün həyati əhəmiyyət daşıyan fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir. Mehriban xanımın bu sahədəki fəaliyyətini izlədikdə bir daha əminliklə demək olar ki, Azərbaycanda müasir xeyriyyəçilik institutunun əsası Mehriban xanım Əliyeva tərəfindən qoyulub. Onun valideyn qayğısından və himayəsindən məhrum olmuş uşaqlara sevgisi müasir Azərbaycan tarixində ayrıca sütunla yazılıb. Mehriban Əliyeva uşaqlarla bağlı hər bir problemə həssas reaksiya verir. O, bu və ya digər xəstəlikdən əziyyət çəkən uşaqların xilası naminə mümkün olan hər şeyi edir, uşaqların doğmalarının əhatəsində sağlam yaşamaları üçün hər cür səy göstərir. Hazırda valideyn himayəsindən məhrum olmuş və uşaq evlərində tərbiyə alan uşaqlar qayğı və diqqətlə əhatə olunub, onlar üçün sözün əsl mənasında ailə ab-havası yaradılıb.
Onun uşaqlara xeyirxahlığını, mərhəmətini və sevgisini qızları Leyla və Arzu da əxz ediblər. Məhz onların uşaq evlərinə və internat məktəblərinə tez-tez baş çəkmələri yeni ənənənin əsasını qoyub – hazırda ictimaiyyət, müxtəlif dövlət strukturları və beynəlxalq təşkilatların nümayəndələri uşaq müəssisələrinin yetirmələrinə mütəmadi baş çəkirlər.
Mehriban Əliyeva xəstəlikdən əziyyət çəkən uşaqları ana qayğısı ilə qucaqlayarkən, onları qolları arasına alarkən insanların gözündəki sevinci, heyranlığı, eyni zamanda, təəccübü xatırlayıram. Biz Mehriban xanımdan nümunə götürərək, sağlamlıq vəziyyətindən asılı olmayaraq, uşaqları cəmiyyətin bərabərhüquqlu üzvləri kimi görməyə başlayırıq.
Gülər İsgəndərova, həkim-nevropotoloq