• Be. Noy 25th, 2024

İşğal olunan Laçın və azad edilən Laçın – ŞƏRH + FOTO

ByYenigun.news

Avq 22, 2022

Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsi ərəfəsidir.

Azərbaycan 10 Noyabr Bəyanatının 6-cı bəndində təsbit edilmiş nəticələrə vaxtından əvvəl çatır.

10 Noyabr Bəyanatından sonra Gorus-Xankəndi yoluna (keçmiş Laçın dəhlizi) alternativ marşrutun tikintisi üçün üç il nəzərdə tutulurdu, bu, Rusiya sülhməramlılarının dəhlizin keçdiyi Laçın şəhərindən və ətraf kəndlərdən çıxarılmasını şərtləndirir.

Azərbaycan Laçın şəhərinə, Zabux və Susa qoşunlarını yeridəcək və Rusiya sülhməramlıları həmin ərazilərdən çıxarılaraq alternativ yola dislokasiya ediləcəklər.

Bu, 44 günlük Vətən müharibəsinin doğurduğu nəticələrdir və Ermənistan bu nəticələr altında əzilir.

Azərbaycanın Ermənistanın başı üzərinə qaldırdığı qılınc dövlətin və xalqın tarixi unutmaması və erməni faşizminə qarşı illərdir aparılan işin bəhrəsidir.

Bəli, Ermənistan Birinci Qarabağ müharibəsində Azərbaycana elə zərbələr vurdu ki, bunun fəsadları 30 il davam etdi, ölkədə sosial düşüncə tərzində də konfrontasiyalara yol açdı.

Erməni ideoloqlar, Robert Koçaryan, Serj Sarqsyan, Zori Balayan və digər “yan”lar isə Azərbaycanda məğlubiyyət sindromunun doğurduğu acı tabloya baxaraq gülür və həyasız xislətləri ilə yeni-yeni hədələr səsləndirirdilər.

Amma Azərbaycan xalqının müqavimət ruhu Prezident İlham Əliyevin siyasi qətiyyəti ilə paralel şəkildə inkişaf etdi və hər keçən gün qələbəyə inam artdı. Aprel döyüşləri isə həmin inamı daha da gücləndirdi.

Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı həlledici qələbə koçaryanların, sarkisyanların diş ağardaraq hırıldamağını kəsdi, “qalib düşüncələri”ni formalaşdıran beyin hüceyrələrini dağıtdı və murdar “cəsarətlərinin” üstündən xətt çəkdi.

Tarixin şapalağını alınlarında və fitnəkar sifətlərində görən erməni faşistlər bir zamanlar Azərbaycanın buraxdığı səhvlər, Rusiyadan aldıqları hədsiz dəstəkdən dolayı özlərini qəhrəman hesab edib, ard-arda torpaqlarımızı işğal edirdilər.

(Ermənilər Laçını işğal etmələrini sevinclə qarşılayırlar) 

Tarixi xatırlamaqda fayda var. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı soyqırımı həyata keçirən erməni cəlladlar bununla Azərbaycan xalqının psixologiyasına ağır zərbə vurdular və ordunun döyüş ruhu sarsıldı. Ordudakı pərakəndəlik və xaotik fəaliyyət də Azərbaycanın məğlubiyyətini sürətləndirirdi.

Bir neçə aydan sonra isə, mayın 8-də Şuşa, mayın 18-də Laçın işğal altına düşdü, həmin işğalla bağlı arxiv kadrlara baxanda siyasi idarəetmədə yaranmış xaosun əlamətləri gözə çarpır.

Şuşa da, Laçın da Azərbaycanda Ayaz Mütəllibovun devrilməsindən sonra AXC-nin diktəsi altında müvəqqəti idarəetmə qurulduğu zamanlarda işğal edilib.

Bir sözlə, Bakıda hakimiyyət üstündə aparılan qızğın mübarizə Şuşa və Laçının süqutu ilə nəticələndi.

Laçının işğalına səbəb verən amillər haqqında təsəvvürləri qeyd etmək yerinə düşər:

1. Ölkədəki siyasi dəyişikliklərə görə ordunun bir hissəsi Qarabağı tərk etmişdi;

2. Onların bir hissəsi Mütəllibovun devrilməsində iştirak etməyə can atırdı;

3. Laçın şəhərinin müdafiəsində döyüşçülər dayansalar da, onlara yardım kimi əlavə qüvvə göndərilmədi;

4. Laçın alayı buraxıldığına görə onun hərbi qulluqçularının kimə tabe olacağı və nə edəcəkləri barədə sərəncam verilmirdi.

Ölkənin müdafiə naziri isə Laçının süqutuna az qalmış xüsusi bir əda ilə özünün hakimiyyətə gəlmək sevdasından danışaraq olanlara görə öz yaxasını kənara çəkməyə çalışırdı.

Bütün bunlar tarixin yaddaşındadır – Laçını tərk edən hərbi kolonlar, rəhmətlik Çingiz Mustafayevin hayqırtısı, təkəbbürlü siyasətçilər…

Bu gün isə Azərbaycan Laçın şəhərinə nəzarəti bərpa edir, ermənilərin kürkünə birə düşür. Artıq Azərbaycanın Zəngəzurda, İrəvanda, Göyçədə də öz haqlarını bərqərar edəcəyi barədə danışılır.

Ermənilər Laçın şəhərini, Zabux və Sus kəndlərini suları süzülə-süzülə tərk edirlər. Laçın özünün əsl sahibinə qayıdır…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir