• C. Dek 13th, 2024

XALQIN RƏĞBƏTİ, SEVGİ VƏ ETİMADI

ByYenigun.news

Apr 16, 2021

       Xalq öz dövlətinə, öz Ali Baş Komandanına inanır, ona etimad göstərir. Bu ümumxalq sevgisi, milli etimad dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Məhz xalq tərəfindən göstərilən etimad böyük qələbəmizin rəhnidir. Ümumxalq dəstəyi, milli həmrəylik – dövlət-xalq birliyi qarşıda duran məqsədlərə qısa müddət içində nail olmağa geniş imkanlar yaradır. Ölkə rəhbərinə ümumxalq məhəbbəti vətəndaşların ona ünvanladığı məktublarda  çox qabarıq şəkildə izhar olunur.

       Buravar kəndindən Ağamalıyev Mirbabab Səmid oğlu, şəhid atası: “Möhtərəm cənab Prezident, Sizi – Müzəffər Ali Baş Komandanı şəhid atası kimi salamlamaqdan qürur hissi keçirirəm. Oğlum xüsusi təyinatlı qüvvələrdə xidmət edərək şəhidlik zirvəsinə ucaldılıb. Bir ata üçün oğul itkisi, əlbəttə ki, çətindir. Amma düşünəndə ki, oğlum qalib ölkənin şəhididir, təsəlli tapıram. Mən ucqar bir kənddə yaşayıram, amma ölkəmizin hər yerində gedən inkişafı görürəm və ürəkdən sevinirəm. Sizin rəhbərliyinizlə görülən işlər heç müharibə vaxtı da dayandırılmadı. Son vaxtlar kəndimizdə də böyük işlər görülür. İçməli su problemimiz həll edilib, yeni tibb məntəqəsi tikilib. Aztəminatlı imkansız ailələrə məktəbli ləvazimatları alınır, Vətən müharibəsinin şəhid ailələrinə xüsusi diqqət yetirilir. Hörmətli cənab Prezident! Bizə göstərilən diqqət və qayğıya görə Sizə minnətdarıq. Hər zaman Sizin ətrafınızdayıq! Yaşasın Azərbaycan! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!

       Alxas Ağayev, Uzuntəpə kəndi: Hörmətli cənab Prezident. Mənim 84 yaşım var, ali təhsilliyəm. Uzun müddət Cəlilabad rayonunda müxtəlif sahələrdə rəhbər vəzifələrdə işləmiş, qabaqcıl işçi kimi dövlətimiz tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşam. Hazırda təqaüddəyəm. Müzəffər Ali Baş Komandanımız, bu müraciətimlə ailəm və bütün xalqımız adından Sizə və şanlı Ordumuza minnətdarlığımı bildirmək istəyirəm. Uca Rəbbim Sizin rəhbərliyinizlə şanlı tarix yazan rəşadətli, müzəffər Ordumuzu qorusun. Siz bizə doğma Qarabağımızı qaytardınız. Uzun illərin həsrətinə son qoyaraq yazdığınız bu əbədi salnamə Sizin imzanızla daim yaşayacaqdır. Bizim tariximiz Sizin şanlı və sarsılmaz əsərinizdir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Hörmətli cənab Prezident, xalqımız Sizinlə qürur duyur, Sizə arxalanır və inanır. Siz uzaqgörən və məqsədyönlü siyasətinizlə həmişə ölkəmiz və xalqımız üçün böyük işlər görmüsünüz. Sizə cansağlığı və tükənməz güc, qüvvət arzulayıram. Tanrı Sizi qorusun.

         Qeyrət Ağayev, Cəlilabad şəhəri: Hörmətli cənab Prezident.Bu gün Sizə səmimi ürək sözlərimi yazmaqdan şərəf duyuram. Siz həm bizim Prezidentimiz, həm də Xalq Qəhrəmanısınız. Çünki Siz hər zaman xalqın marağını hər şeydən üstün tutursunuz.Ermənilərin havadarları nə qədər güclü olsa da Sizin zəkanız, düzgün qərarlarınız bu gücə qalib gəldi.Bu Qələbə Sizin şah əsərinizdir. Bu əsərin ərsəyə gəlməsində Vətən üçün ölümün gözünə dik baxan igid əsgərlərimizin də payı çoxdur. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə uzun ömür versin.Sizin uzaqgörən siyasətiniz, iradəniz və müzəffər Ordumuzun şücaəti sayəsində çoxəsrlik tariximizin ən parlaq səhifələrindən birinə şahidlik edirik.Naxçıvanla quru sərhədimizin bərpa olunması siyasi mübarizənizdə alqışalayiq bir qələbədir. Allah Sizi, bu mübarizədə bizə dəstək olan dost ölkələri, onların liderlərini qorusun!Xalqımız Sizi sevir, ona görə ümid edirik ki, ömürlük bizim Prezidentimiz olacaqsınız. Sizin sayənizdə əldə olunan Qələbə bizi dünyanın ən xoşbəxt, ən zəngin insanlarına çevirdi. Ulu Tanrı Sizə yar olsun!

         Şəhid anası Xatirə Hüseynova, Hamarqışlaq kəndi: Hörmətli cənab Prezidentim İlham Əliyev. Mən şəhid anasıyam. Sizdən başqa heç bir siyasətçi işğal altında olan torpağlarımızı azad edə bilməzdi. Xalq bunu bilirdi, Sizə inanırdı və biz yanılmadıq. Siz bunu bacardınız, cənab Prezident, təşəkkür edirik Sizə. Mən bu uğurlu hərbi əməliyatlarda oğlumu itirdim. Oğlum şəhid Hüseynov Cavid müddətdən artiq hərbi qulluqcu, tankçı idi. 27 sentyabrda başlayan uğurlu əks-hücum əməliyyatlarında oğlum böyük şucaət göstərmişdi. Ordu sıralarında olduğu müddətdə dəfələrlə hərbi komandanlıq, yüksək rütbəli hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlarla, təsəkkünamələrlə təltif olunub. Sentyabrın 30-u Fizuli uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid oldu. Vətən sağ olsun! Oğlum kəndimizin ilk şəhididir. Əminəm ki, oxuduğu məktəbdə uşaqlar onun haqqında eşitdikləri hekayələrlə böyüyəcək, ondan qəhrəman olmağı öyrənəcəklər. Cənab Prezident, biz həm Sizinlə, həm də oğlumuzla fəxr edirik! Allah Sizi qorusun!

        Səlimov Famil Duman oğlu, Alar kəndi: Möhtərəm cənab Prezident, Mən Cəlilabad rayonunda yaşayıram,  bir çox ictimai təşkilatların, o cümlədən, Mübariz İbrahimovun adını yaşadan “Mübarizlər” cəmiyyətinin üzvüyəm. Vətən müharibəsi başlayandan dostlarımla dəfələrlə ön cəbhədə olmuşam, ərzaq və lazım olan vəsaiti onlara çatdırmışam. Mən daim Sizi dəstəkləmişəm. Biz Sizinlə fəxr edirik, qəlbimiz qürur hissi ilə dolur. Qarabağın alınması ilə Azərbaycan yeni tarixi epoxaya qədəm qoymuşdur. Çoxlarının arzusu Sizin heykəlinizi görməkdir. Xalqımız Sizi sevir, Sizinlə qürur duyur. Bu ucalığı bizə verdiyiniz üçün Allah Sizə yar olsun, cənab Prezident! İndi də Sizə öz dəstəyimizi ifadə edirik və daim Sizin müsəlləh əsgərlərinizik. Çox şükürlər ki, bizim belə bir Ali Baş Komandanımız var. Allah Sizi qorusun!

      Nəhmət Mirzəyev. Sərhədabad kəndi: Hörmətli cənab Prezident, Mənim 56 yaşım var. Mən böyük Qələbə münasibətilə ailəm və şəxsən öz adımdan Sizə sonsuz təşəkkürümü bildirirəm. Doğma Qarabağı azad etməklə Siz 30 illik həsrətimizə son qoydunuz, bizim inamımızı, vüqarımızı özümüzə qaytardınız. Sizə çox minnətdarıq. Sizinlə qürur duyuruq. Allah Sizi Azərbaycan xalqının üstündən əskik etməsin. Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

       Əlövsət Məmmədovdan, Əliabad kəndi: Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, gözəl insan İlham Heydər oğlu Əliyev! Biz cəlilabadlılar Sizi çox sevir və hər zaman Sizin arxanızdayıq. Vətən müharibəsinin Qələbə ilə başa çatması bizi hədsiz sevindirir. Siz ulu öndər Heydər Əliyevin layiqli davamçısı, böyük Sərkərdəsiniz. Ulu Öndər hakimiyyətə gələndə mənim atam televiziya ekranını öpüb dedi ki, axır ki ölkənin sahibi, kişi gəldi, bu insan ölkəni xaosdan, müharibədən qurtaracaq. Elə də oldu. Siz də Ulu Öndərin siyasətini çox uğurla davam etdirirsiniz. Azərbaycanı dünyada ən qabaqcıl ölkələrdən biri etmisiniz. Cənab Prezident, şəhid verməsək, torpağı azad etmək olmaz. Allah bütün şəhidlərə rəhmət etsin. Bu haqq savaşında hamı bir nəfər kimi cəbhəyə yollanıb torpaqlarımızı azad etmək istədi, Sizin arxanızda dayandı. Ali Baş Komandan, özünüzü və səhhətinizi qoruyun. Siz bizlərə, bu xalqa lazımsınız. Siz Azərbaycanın yeni tarixini yazdınız. İnanın ki, neçə əsrlər keçəcək, bu yeni tarixdən hər gün, hər saat danışılacaq və yazılacaq. Sizə uğurlar, cansağlığı arzulayıram, əziz Prezidentim!

       Fərahim Quliyev, Hacıismayıllı kəndi: Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan! Sizi bütün xalqımız adından salamlayıram. Sizə uzun ömür, cansağlığı, daim yüksəklərdə olmağınızı arzu edirəm. Sizi və rəşadətli Ordumuzu işğal altında olan torpaqlarımızın azad edilməsi münasibətilə ürəkdən təbrik edirəm. Siz ermənilərin uzun illər ərzində hazırlığını alt-üst etdiniz. Eşq olsun ölkəmizin dəyanətli başçısına, müdrik Prezidentinə! Eşq olsun Azərbaycana! Eşq olsun Azərbaycanımızın yenilməz Ordusuna!

        Vidadi Nuriyev, Cəlilabad şəhəri: Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan! “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” şüarı Sizin düşünülmüş, uzaqgörən siyasətinizin, Vətənə olan sevginizin bariz göstəricisidir. Bu şüar böyükdən kiçiyədək hamının dilində əzbərə çevrilərək, xalqımızın ayağa qalxıb bir yumruq kimi Sizin ətrafınızda birləşməsinə təkan verdi və bundan sonra da əsas şüarımız olacaqdır.Sizin məqsədyönlü siyasətiniz nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində apardığınız uğurlu mübarizədə biz də ailəlikcə Sizi dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik. Uca Tanrı Sizin və Mehriban xanımın ömrünə bir ömür də qatsın, 100 yaşayasınız! Azərbaycan xalqını həmişə zirvələrə aparasınız!

        Ağca Əliyeva, Qarazəncir kəndi: Cənab Prezidentimiz! Sizə bu məktubu bütün Azərbaycan qadınları adından yazıram. Siz bizim qürurumuz, fəxrimizsiniz. Allah Sizi xalqımızın üstündən əskik etməsin! Yaşasın əziz Prezidentimiz İlham Əliyev və onun ailəsi! Yaşasın Vətənimiz! Yaşasın Ordumuz! Möhtərəm Prezidentimizin şuarlara dönmüş görün nə gözəl sözləri var: “Qarabağ Azərbaycandır!”

         Züleyxa Səlimova, Cəlilabad şəhəri: Möhtərəm cənab Prezident. Ulu öndərimiz Heydər Əliyevin deyirdi ki, bizim əsas işimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etməkdir. Şükür Allaha, Sizin rəhbərliyiniz altında şanlı ordumuz torpaqlarımızı mənfur düşməndən azad edərək ərazi bütövlüyümüzü bərpa etmmişdir. Bundan qürurverici ne ola bilər?! Biz Sizinlə fəxr edirik. Allah Sizi qorusun. Qələbə bizimdir, Qarabag Azərbaycandır!

        Şatırlı kəndindən Elşad Əmənov,  Qəni Nadirov,  Mərifət Orucov,  Səadət Həsənova, Mirvaleh Abdullayev:  Hörmətli cənab Prezident.İyirmi yeddi ildən artıqdır ki, Azərbaycanda dövlət quruculuğu sahəsində inamlı nailiyyətlər əldə olunub. Bu prosesin başlanğıcı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Onun müqəddəs ideyalarının layiqli davamçısı kimi, Sizin daxili və xarici siyasətinizi tam və qəti şəkildə dəstəkləyirik.Qeyd edirik ki, kəndimizdə uzun müddət su qıtlığı mövcud olmuşdur. Dövlətimizin sosial-iqtisadi siyasəti fonunda bu problem müsbət həll olundu.Xalq üçün yaşayanlar, xalqı yaşadırlar. Allah Sizi var etsin, cənab Prezident!Sizin adınız xalqın ürəyində və təfəkküründə əbədi həkk olundu!

         Ədalət Cəbrayılov, Muğan kəndi: Cənab Ali Baş Komandan.Ulu Öndərimizin cəsur, mərd oğlu, uzaqgörən siyasətin müdrik davamçısı kimi işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması üçün həyata keçirdiyiniz tədbirlərin misli-bərabəri yoxdur. Uca Allah Sizi və haqq-ədalət uğrunda döyüşən əsgərlərimizi qorusun. Haqq bizimlədir, Qarabağ haqq-ədalətlə bizim əzəli, tarixi torpaqlarımızdır. Sizin dediyiniz kimi, Qarabağ Azərbaycandır!Cənab Prezident, Azərbaycan xalqı Sizi sevir. Biz həmişə Sizinləyik. Sizə uğurlar arzulayıram.

         Yaşar Quliyev, Edişə kəndi: Möhtərəm cənab Prezident.Sizin rəhbərliyiniz altında və müzəffər Ordumuzun şücaəti ilə cəbhədə qazanılan uğurlara görə Sizə təşəkkür edir, minnətdarlığımı bildirirəm. Biz, bütün Azərbaycan xalqı Sizinlədir.

Allah haqqın yanındadır. Biz isə haqq yolundayıq. Bundan sonra da bu çətin, lakin şərəfli yolda Sizə və qüdrətli Ordumuza yeni-yeni qələbələr arzulayıram. Allah Sizi və Azərbaycan xalqını qorusun! Qarabağ Azərbaycandır!

        Mirzəkişi Cəfərov, Günəşli kəndi: Hörmətli cənab Prezident, Mənim 80 yaşım var. Uzun illər kolxoz və sovxozda pambıq və üzüm briqadiri işləmişəm. Dövlət planını həmişə artıqlaması ilə yerinə yetirmişəm. Siz, Şah İsmayıl Xətaidən sonra, zəbt olunmuş torpaqlarımızı güc vasitəsilə öz sahibinə qaytaran ilk şəxsiyyətsiniz. Xətai qılınc ilə, Siz isə 5-ci nəsil silahla bu Zəfərə imza ataraq öz adınızı Azərbaycan tarixinə əbədi həkk etdirdiniz. Mən və Cəlilabad rayonunun Günəşli kəndinin 10 min sakini Sizə minnətdardır. Cənab Prezident, biz – Günəşli kəndinin sakinləri öz vəsaitimiz hesabına həm kəndin girəcəyində, həm də çıxışında Sizin heykəlinizi qoymaq istəyirik. Biz bu heykəli həm indiki, həm də gələcək nəsillərə göstərib Sizdən ibrət götürmələrini tövsiyə edəcəyik. Allah Sizi və xalqımızı daim var eləsin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir