• Bz. Dek 22nd, 2024

Etibarlı münasibətlərin göstəricisi.

ByVuqar Ferzeliyev

Avq 27, 2024

     Prezident İlham Əliyev son iki ildə Özbəkistana beş dəfə səfər etmişdir və hər bir səfər dövlətlərimiz arasında münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini vermişdir. Möhtərəm prezidentimiz mətbuata bəyanatında bu münasibətlərin mühüm geosiyasi amil olduğunu vurğulayaraq demişdir: “Bu gün Mərkəzi Asiya, Cənubi Qafqaz, Xəzər regionları vahid geosiyasi regiona çevrilir və regionlarımızda müsbət proseslər Özbəkistan ilə Azərbaycan arasında səmərəli əməkdaşlıqdan asılıdır”. Prezident istər işğal, istərsə də İkinci Qarabağ müharibəsi illərində və sonra özbək xalqının Azərbaycana qardaş dəstəyindən söz açaraq bildirmişdir ki, Özbəkistan ilk ölkədir ki, prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək etmişdir. Bir il əvvəl, avqustun 23-də Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan məktəb açılmışdır ki, bu, Azərbaycan və Özbəkistan arasında gözəl münasibətlərin simvoluna çevrilmişdir.   Müttəfiqlik münasibətləri haqqında müqaviləni iki ölkənin imzalaya biləcəyi ən yüksək beynəlxalq sənəd kimi dəyərləndirən prezident İlham Əliyev demişdir: “İki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

     Daşkənddə keçirilən biznes-forum  layihələrlə çox zəngin olmuş,  20 istiqamət üzrə yeni təşəbbüslər irəli sürülmüşdür. Bu zaman Özbəkistanla Azərbaycan arasında ən yaxşı siyasi konyunkturanın mövcudluğu və bunun iş adamlarımızı birlikdə işləməyə və o cümlədən, birgə investisiya qoymağa sövq edən ən vacib amillərdən biri olduğu xüsusi qeyd edilmişdir. Münbit investisiya mühitini təmin etmək üçün sənaye (ağır, avtomobil, yüngül), kənd təsərrüfatı (pambıqçılıq, ipəkçilik, bağçılıq), turizm biznesi, mehmanxana biznesi sahələri üzrə investisiya proqramları müəyyən olunmuş, Birgə İnvestisiya Fondunun kapitalını artırmaq üçün layihələrə 500 milyon dollar ayrılmış, biznes layihələrinin informasiya dəstəyinin təminatı ilə bağlı məsələlər gündəmə gəirilmişdir.  

Gülnarə Mirzəliyeva

Saatlı MKS-nin əməkdaşı           

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir