• Ç. Okt 30th, 2024

KÖNÜLLÜ OLMAQDAN ŞƏRƏF DUYURUQ

ByVuqar Ferzeliyev

Fev 2, 2022

KÖNÜLLÜ OLMAQDAN ŞƏRƏF DUYURUQ
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2020-ci ili “Könüllülər ili” elan etmişdir. Prezidentin bu qərarı gənclərin sevincinə səbəb olmuşdur. Çünki könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

  Rayonumuzun gəncləri Prezidentin qərarından  ruhlanaraq yeni təşəbbüslərlə çıxış edirlər.  Onlar bu təşəbbüslər çərçivəsində qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işləri aparır, həyətlərdə və bağlarda səliqə-sahman yaradırlar. Xalqımızın əsrlər boyu yaşatdığı və nəsildən-nəslə ötürdüyü qarşılıqlı dəstək, qayğıkeşlik, təmənnasız yardım kimi ənənələri davam etdirən gənclər qayğıya ehtiyacı olan tənha insanları diqqətdən kənarda qoymur, onlara həm qayğı, həm də ünsiyyət bəxş ediblər.

 Bildiyiniz kimi, könüllü fəaliyyətin təşviqi məqsədilə  2019-cu il noyabrın   8-də Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyətə başlamışdır. Bundan sonra “Gənc könüllü” proqramının fəaliyyəti daha da genişləndirilmişdir. Mən də daxil olmaqla filialımızın tələbələri könüllülər hərəkatına qoşulmuş və  Mərkəzin  fəaliyyətinin  təşkilində fəal iştirak etmişik. Biz, həmçinin rayon icra hakimiyyətində təcrübə keçmiş və sertifikat almışıq. Şübhə yoxdur ki, qazandığımız həmin təcrübə gələcəkdə dövlət qurumlarında işlə təmin olunmağımıza  və müstəqil şəkildə işləməyimizə stimul olacaqdır.
 Bundan əlavə, Heydər Əliyev Mərkəzində Gənclər Fondunun nümayəndəsinin işitrakı ilə “Könüllülər: inklüziv gələcək” mövzusunda “dəyirmi masa” və “Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda yığıncaqlarda iştirak etmişik. Bütün bu tədbirlərin keçirilməsində rayon icra hakimiyyətinin göstərdiyi  diqqət və qayğını xüsusi qeyd etməyi özümə borc bilirəm.
  Könüllülər hərəkatının cəmiyyətin inkişafında xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir. Könüllülər hərəkatı “ASAN xidmət”dən başladı və bu gün “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bütün dövlət təşkilatlarına tövsiyə olunur ki, könüllüləri cəlb etsinlər. Könüllülər dövlət qurumlarında, nazirliklərdə, digər dövlət təşkilatlarında təcrübə keçməlidir. Özəl sektor da gəncləri işə cəlb etməlidir ki, gənclər həm təcrübə keçsinlər, həm də onlarda hazırlıq prosesi sürətlə getsin.
 Gənclərin könüllülük hərəkatı getdikcə daha da genişlənir və dönməz xarakter alır. Hesab edirəm ki, bu prosesə hər kəs öz töhfəsini verməlidir, hərə özünə uyğun nəticəyönümlü işlər seçməlidir. Misal üçün, şəhid, məcburi köçkün ailələri, həmçinin, tək yaşayan, yaşlı, xüsusi qayğıya ehtiyacı olan şəxslərə dəstək məqsədilə real tədbirlər həyata keçirmək mütəmadi xarakter daşımalıdır. Gələcək planlarımızda könüllülüyün gənclər arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılması məqsədilə uzunmüddətli proqramların icrasını nəzərdə tutmuşuq. Bu məqsədlə bütün yaşayış məntəqələrinə gedərək bacarıqlı gəncləri aşkara çıxarmaq, onları könüllülər hərəkatına qoşulmağa həvəsləndirmək və gələcək karyeralarını qurmağa dəstək olmaq niyyətindəyik.

Azər İbişov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir