• Şb. Apr 27th, 2024

Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb – FOTO

ByYenigun.news

Mar 18, 2024

Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində Azərbaycanda ilk dəfə olaraq “Ən tez xidmət” mərkəzi yaradılıb.

Oxu.Az xəbər verir ki, xidmətdə məhbusların elektron arayışlar alması üçün bütün şərait yaradılıb.

Mərkəzdə vətəndaşların ailə tərkibi haqqında arayış, notariat xidmətləri, ölkədən çıxışın qadağan olunub-olunmaması haqqında arayış və digər xidmətlərdən qısa zamanda istifadəsinə şərait yaradılıb.

Xidmət əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir.

Həmçinin əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən süni intellekt insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir. Smart konsepsiyaya əsaslanan “Ən tez xidmət”də vətəndaşın şəxsiyyəti “Üztanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur.

Bu yeni platforma Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST, habelə “ASAN xidmət” mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq tətbiq edilir. “Ən tez xidmət”in Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi məhkumlara, onlarla görüşə gələn vətəndaşlara, eləcə də müəssisənin əməkdaşlarına ədliyyə xidmətlərindən yerində bəhrələnmək imkanı verir.

Könül Cəfərli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir