• Şb. Apr 27th, 2024

Brüsseldə gözlənilən sammit: Ermənistanın “mühafizə kursu” – ŞƏRH

ByYenigun.news

Mar 28, 2024

Aprelin 5-də Brüsseldə planlaşdırılan Avropa İttifaqı-ABŞ-Ermənistan birgə konfransı Azərbaycanda narahatlıq doğurur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin bəyanatlarından narahatlığın təhlükəsizliklə əlaqədar olduğu hiss edilir.

Azərbaycan XİN-in mövqeyindən çıxarışlar:

– Keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir,

– Ermənistandakı qisasçı əhvali-ruhiyə bu tədbirdən dəstək uma və mümkün təxribatlarda Aİ ilə ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair illüziya yarada bilər.

– Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər.

İrəvan isə bildirir ki, tədbir Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsini nəzərdə tutur.

Rəsmi Bakının mövqeyi daha inandırıcı və arqumentli görünür, ona görə ki, regionda Ermənistanı hərbi təxribatlara hazırlamağın əlamətləri sezilməkdədir.

Bu əlamətlər Azərbaycan-Ermənistan sülh danışıqlarına müqavimət göstərmək üçün riskləri vurğulayır.

Halbuki, müzakirələrdə Azərbaycanın Cənubi Qafqazın geosiyasi orbitindəki möhkəm yeri barədə Ermənistana xəbərdarlıqlar edilə bilər. Rəsmi Bakının Aİ və Vaşinqtonun Ermənistana dəstək fonu ilə bağlı işlətdiyi “illüziya” ifadəsi həmin məqamı açıqlayır.

Yəni, əgər Ermənistanı müdafiə paktı ilə “mühafizə etməyə” çalışsalar belə, bu, Azərbaycanın güc dinamikasındakı rolu fonunda limitli ola bilər.

Hər bir halda isə diqqəti çəkən odur ki, gözlənilən sammit:

– NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərindən sonraya təsadüf edir,

– Ermənistandan ilkin mərhələdə Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı müsbət siqnallar çalınmasına mənfi reaksiya kimi qiymətləndirilə bilər,

– Bu tendensiya Azərbaycanın NATO ilə strateji tərəfdaşlıq xəttini də zədələmək məqsədi daşıyır,

– Ermənistan kartı vasitəsilə Azərbaycanın Rusiya və Qərb arasındakı geostrateji mübarizənin arasında sıxışdırılmasına cəhdlər edilir.

Hərçənd Qərbdəki ən ağıllı beyinlər belə bilir ki, Ermənistana dəstəklər regionda geosiyasi mənzərəni İrəvanın xeyrinə dəyişdirmək iqtidarında deyil.

Çünki Azərbaycan yeni reallıq yaradıb geosiyasi nəticələri qəbul etdirmək üçün hərbi qüdrətə malikdir.

Buna görə də Ermənistana dəstəklərin əhəmiyyəti yoxdur. Əksinə, regionda eskalasiya riski yaransa, kəlbətinin dişləri arasında ən çox sıxılan elə Ermənistan olacaq…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir