• Şb. Apr 27th, 2024

Delimitasiya probleminin həlli üçün əsas məsələ işğal altındakı səkkiz kəndin qaytarılmasıdır – RƏY + FOTO

ByYenigun.news

Mar 26, 2024

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Azərbaycan və Ermənistan arasında delimitasiya problemlərinin həlli üçün qarşıda duran əsas məsələnin işğal altındakı səkkiz kəndin qaytarılması olduğunu bildirib.

O, “Report”a açıqlamasında deyib ki, Azərbaycanın işğal olunmuş kəndlərinin ilkin mərhələdə dördünün qeyd-şərtsiz qaytarılması həyata keçirilməlidir:

“Bununla bağlı Ermənistan rəhbərliyi müvafiq açıqlama verdi və sonra Ermənistanda radikal terror təşkilatı kimi tanınan, “Döyüş qardaşlığı” deyilən qurum həmin kəndə özlərinin silahlı nümayəndələrini göndərdi. Onlar həbs olundular. Buna görə terrorçular hətta polis idarəsinə hücum təşkil edib həbs olunmuş silahdaşlarını geri almağa cəhd göstərdilər. Bu, çox ciddi məsələdir. Ermənistan rəhbərliyi həmin dörd kəndi qeyd-şərtsiz qaytarmağa çalışır və bu istiqamətdə də addımlar atır, müəyyən bəyanatlar verir. Qazaxın qalan üç kəndi və Naxçıvanın Kərki kəndi isə danışıq predmetidir”.

A.Nağıyev vurğulayıb ki, Azərbaycanın dörd kəndi ilkin mərhələdə diplomatik yolla qaytarılmasa, güc tətbiq oluna bilər:

“Artıq Paşinyan hakimiyyəti də bunu yaxşı anlayır. Düşünürəm ki, bütün kommunikasiyaların keçdiyi əsas xətt məhz həmin ərazilərdə olduğundan proses mütləq şəkildə həll edilməlidir. Bu ərazilər qədim Azərbaycan torpağıdır, sadəcə, münaqişə başlayanda ermənilər tərəfindən işğal olunub. Əgər Ermənistan müharibə istəmirsə, mütləq kəndlərimizi qaytarmalıdır. Bəhanələr irəli sürülür ki, guya erməni vətəndaşlar bunu istəmirlər. Ermənistan ordusu özünü biabırçılıqdan xilas etmək üçün inhisarındakı terror qruplaşmalarından istifadə edir. Bu isə daxili gərginlik yaratmaqdan başqa heç nəyə xidmət etmir”.

Qeyd edək ki, hazırda Azərbaycanın səkkiz kəndi Ermənistanın işğalı altındadır. Bunlar Qazax rayonunun Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Naxçıvanın Kərki kəndləridir. Bunlardan dördü – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri eksklav hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir