• Ç. Apr 24th, 2024

İstanbulda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub – FOTO

ByYenigun.news

İyn 5, 2023


Türkiyənin İstanbul şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalqın adamı” adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Türkiyə-Azərbaycan Dərnəklər Federasiyası və İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə siyasi partiyaların, vətəndaş cəmiyyətinin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

Heydər Əliyevin və iki dövlətin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Türkiyə-Azərbaycan Dərnəklər Federasiyasının sədri Ədalət Turanın qonaqları salamlamasından sonra Dövlət Komitəsinin hazırladığı “Heydər Əliyev və Azərbaycan diasporu” adlı sənədli film nümayiş etdirilib.

Komitə sədrinin birinci müavini Valeh Hacıyev çıxışında ölkəmizin və türk dünyasının qüdrətli liderlərindən biri olan Heydər Əliyevin həyat və fəaliyyəti barədə danışıb. Dahi şəxsiyyətin “bir millət, iki dövlət” adlandırdığı Türkiyə-Azərbaycan dostluq və qardaşlığından söz açıb. Qardaş ölkədə prezident seçkisinin ikinci turunun xalqımıza çox əziz olan tarixi günə, 28 May – Müstəqillik Gününə təsadüf etdiyini xatırladıb. Seçkinin nəticəsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da böyük sevinc və coşqu ilə qarşılandığını, dövlətlərimiz arasında siyasi və iqtisadi birliyin daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb. 

İnsan Haqları, Təhsil, Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Məhsəti Şərif Özyürek kütləvi informasiya vasitələrinə həssas münasibəti ilə fərqlənən, jurnalistlərin əməyini daim yüksək qiymətləndirən, sağlığında “Jurnalistlərin dostu” mükafatını qazanmış Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə çıxış edən Vətən Partiyasının sədri Doğu Perinçek, Ədalət və İnkişaf Partiyasının üzvü, 2011-18-ci illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü Metin Külünk yeni dünya düzənində ölkələrimizin yerindən və rolundan danışıblar, Türkiyə Cümhuriyyətinin qurucusu Müstafa Kamal Atatürkün və Heydər Əliyevin mübarizə həyatının bənzərliyinə diqqəti cəlb ediblər.

“Türk dünyasının yeni dünya düzənində önəmli amil olacağına inanırıq. Çünki Heydər Əliyevin liderliyi və dövlət siyasətindəki uğurları sayəsində can Azərbaycan qəhrəman ordusu ilə bərabər türk dünyasına örnəkdir”, – deyə Doğu Perincek söyləyib.

“Türkün var olduğu yerdə ədalətsizlik olmaz”, – deyə Metin Külünk ölkələrimizin birlikdə yeni dünya düzəninə yön verməsinin bütün bəşəriyyət üçün önəmli olduğunu vurğulayıb.

Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvü, “Üç cizgi” jurnalının əməkdaşı Gülgün Abbasbəyli “Dayanıqlı liderlik çərçivəsində Heydər Əliyevin Azərbaycan gəncləri siyasəti” mövzusunda təqdimatla çıxış edib.

Tədbir müğənni Elgün Quliyevin ifasında Heydər Əliyevin sevdiyi Azərbaycan mahnılarından ibarət konsert proqramı ilə yekunlaşıb.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir