• C. May 3rd, 2024

Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə – FOTO

ByYenigun.news

Apr 22, 2024




Bu gün Azərbaycan-Rusiya əlaqələrinin tarixində daha bir səhifə yazılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı ulu öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq.

Azərbaycan-Rusiya münasibətləri dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir

Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Vaxtı ilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində bu əlaqələr daha da inkişaf edib. Müstəqil Azərbaycan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. 1992-ci il sentyabrın 25-də Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib.

Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Azərbaycan Prezidentinin 2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub. Dövlətimizin başçısının Rusiyaya ardıcıl rəsmi səfərləri Azərbaycanın şimal qonşumuzla dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafına verdiyi önəmi təsdiqləyir. Xüsusi vurğulanmalıdır ki, SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 Noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb.

Siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin dinamik inkişafını təmin edir

Siyasi münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsi iqtisadi münasibətlərin genişləndirilməsinə də müsbət təsirini göstərir. Xüsusilə ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər, 260 sənədi əhatə edən geniş hüquqi baza və mütəmadi qaydada keçirilən iqtisadi forum və konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmilləşdirilməsi, dövlət sərhədindən yükdaşımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin artırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticarət-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Xüsusilə 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yükdaşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Əməkdaşlığımızın nisbətən yeni sahəsi olan sənaye kooperasiyası layihələrinin reallaşdırılması da iqtisadi əlaqələrin inkişafında xüsusi yer tutur. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri yaradaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verir. Hazırda Azərbaycanda Rusiya kapitallı 1 400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.

Azərbaycan-Rusiya iqtisadi münasibətlərinin inkişafında regionlararası forumlar da mühüm yer tutur. Bu platformanın önəmini yüksək dəyərləndirən Prezident İlham Əliyev XII Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçılarına müraciətində bildirib:

“Artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır”.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-26-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Humanitar əlaqələr də Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin, 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil edir.

Baykal-Amur Magistralının 50 illik yubiley tədbiri: Ulu öndər Heydər Əliyevin xatirəsinə yüksək ehtiramın daha bir ifadəsi

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri – ümummilli liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçiriləcək. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir.

Qeyd edək ki, 1969-82-ci illərdə Azərbaycana uğurla rəhbərlik edən, yüksək təşkilatçılıq qabiliyyəti və cəsarətli ideyaları ilə bütün SSRİ məkanında tanınan Heydər Əliyevin 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilməsi və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi həm də Azərbaycan və Rusiya arasında dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşması dövrünün başlanğıcı oldu. Dahi rəhbər sonralar fəaliyyətinin “Kreml beşilliyi” adlandırdığı bu mərhələdə gördüyü işlərlə bütün SSRİ vətəndaşlarının, o cümlədən rus xalqının sevimlisinə çevrildi. Məhz bu illərdə SSRİ-də ən mühüm və çətin layihələrə rəhbərliyin bilavasitə ümummilli lider Heydər Əliyevə həvalə olunması onun liderlik, idarəçilik və təşkilatçılıq qabiliyyətinin geniş şöhrət tapmasının göstəricisi idi.

Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xətlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

1974-cü ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul etdi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

Belə nəhəng və mürəkkəb layihənin icra edilməsi, yəni Baykal-Amur Magistralının tikintisinin başa çatdırılması üçün əsas olan məhz yüksəkkeyfiyyətli idarəetmə sisteminin qurulması idi. Yüksək təşkilatçılıq qabiliyyəti ilə tanınan ümummilli lider bu nəhəng layihənin idarəedilməsi sistemini qura bilmişdi. Çox çətin şərtlərlə icra edilən 4 324 kilometr uzunluğundakı BAM-ın tikintisində iki milyondan artıq insan iştirak edib, 2 230 körpü, 8 tunel, 200 dəmir yolu stansiyası inşa olunub. Bu gün Rusiya Federasiyasının iqtisadi inkişafında əhəmiyyətli rol oynayan Sibir və Uzaq Şərqin təbii resursları məhz bu dəmir yolu ilə mərkəzi və Qərbi Rusiyaya, eləcə də xarici dövlətlərə ixrac edilir. Rusiyanın əsas neft-qaz yataqları, meşə və balıqçılıq, heyvandarlıq təsərrüfatları bu magistral boyunca yerləşir ki, bunların da daşınmasında, ixracında, eləcə də yerli xalqların maliyyə və sosial vəziyyətinin inkişafında BAM çox böyük rola malikdir. Bu magistralla ildə təxminən 180 milyon ton yük daşınır. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına bu gün müasir şəhərlər yaradılıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Koreya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətləri Avropa ilə ticarət əlaqələrini məhz BAM vasitəsi ilə qurublar. Rusiya mətbuatının yazdığına görə 2030-cu ilədək BAM daha 3,5 min kilometr uzadılacaq, yeni stansiyalar tikiləcək.

Bu nəhəng layihənin uğurla başa çatdırılmasına rəhbərlik etmiş ulu öndər Heydər Əliyevin xidmətləri daim ehtiramla yad olunur. Belə ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralında Şərqi Sibir dəmir yolunun Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adının verilməsi münasibətilə təntənəli mərasim keçirilib, onun xatirə lövhəsi açılıb. Rusiya rəsmiləri ulu öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar. Onlar bu magistralın tikintisi ilə bağlı verilən qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşındığını bildirirlər.

Bu bir daha göstərir ki, ideyalarını, müəllifi olduğu layihələri, eləcə də rəhbərlik etdiyi işləri ən möhtəşəm nəticələrlə başa çatdıran ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri milyonlarla insanın həyatında hiss olunur. Bu xidmətlər milyonlarla insan tərəfindən dərin minnətdarlıqla xatırlanır. Bütün çətinliklər, maneələr onu qurub-yaratmaq, öz ideyalarını, işlərini uğurla başa çatdırmaq həvəsindən çəkindirə bilmirdi və ulu öndər uzaqgörənliyi, fədakarlığı, cəsarəti, idarəçilik qabiliyyəti sayəsində daim bütün öhdəsindən gəlirdi. SSRİ Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin müavini işləmiş Nikolay Baybakovun ümummilli lider Heydər Əliyev haqqında fikirləri bunu bir daha təsdiqləyir: “Biz BAM-ın tikintisinin gedişi barədə Siyasi Büroda bir neçə dəfə məruzə etmişdik. Heydər Əliyev dəfələrlə tikinti obyektində olmuşdu. Ona mane olanlar, əleyhdarlar da var idi. Bəziləri hesab edirdilər ki, birxətli yol tikmək lazımdır. Heydər Əliyev bütün opponentlərinə əsaslandırılmış cavablar verir, öz nöqteyi-nəzərini müdafiə edirdi. Ümumiyyətlə, o, prinsipial adam idi… Zənnimcə, təkcə Azərbaycanın deyil, həm də bütün SSRİ-nin xalq təsərrüfatının inkişafına böyük töhfə vermişdir”.

Xalqının ən çətin dövründə – Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi qarşısında qaldıqda doğma Vətəninin harayına yetişən, bütün çətinliklərə, maneələrə, təzyiqlərə baxmayaraq, ölkəmizi təhlükələrdən, tənəzzüldən xilas edib dinamik inkişaf yoluna çıxaran Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycandır. Bu gün Azərbaycan ulu öndərin ideyalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan regionda əməkdaşlığın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səylərini davam etdirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inkişaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir