• Şb. Apr 27th, 2024

Səfir: “Çanaqqala cəbhəsində düşmənə qarşı azərbaycanlı qardaşlarımızla birgə döyüşmüşük”

ByYenigun.news

Mar 18, 2024

“Çanaqqala cəbhəsində düşmənə qarşı azərbaycanlı qardaşlarımızla birgə döyüşmüşük”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı martın 18-də Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə Abşeron Mədəniyyət evində keçirilən tədbirdə deyib.

Səfirin sözlərinə görə, Çanaqqaladakı zəfər Türkiyənin Qurtuluş savaşı üçün ilham qaynağı olub:

“Anadolunun bir çox bölgəsindən, o cümlədən qardaş Azərbaycandan da Çanaqqalaya gələrək mübarizəmizə canı bahasına dəstək olan qardaşlarımız olub. Çanaqqala cəbhəsində azərbaycanlı qardaşlarımızla birgə, çiyin-çiyinə və fədakarcasına düşmənə qarşı savaşmışıq. Bu gün Azərbaycan şəhidləri Çanaqqalada, Qafqaz İslam Ordusunun tərkibində bura gələn və Azərbaycanın azadlığı uğrunda şəhid olan türk şəhidləri isə Azərbaycanın müxtəlif bölgələrində uyuyurlar”.

C.Bağçı vurğulayıb ki, Çanaqqalada və Azərbaycan torpaqlarında şəhidlər yanaşı dəfn olunublar:

“Qardaş Azərbaycan torpaqlarının azadlığı uğrunda azərbaycanlı qardaşlarımızla Nuri Paşa komandanlığında verilən bu mübarizə isə Azərbaycanın müstəqillik yolunda ən önəmli zəfər olub. Anadolu və Qafqazın bir çox bölgəsindəki apardığımız mübarizələrin ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” anlayışının təməli olduğunu görürük”.

Xatırladaq ki, bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 109-cu ildönümüdür.

1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır.

Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatıb.

Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı il yanvarın 9-da qələbə ilə başa çatıb. Antanta İttifaqına Böyük Britaniya Krallığı, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa daxil idi. Osmanlı isə Avstriya-Macarıstan, Almaniya ilə bir hərbi blokda müharibədə iştirak edirdi.

Hər il martın 18-də Türkiyədə Zəfər bayramı qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir