• C. Noy 22nd, 2024

Azərbaycanın maraqlarına cavab verən sənəd

ByVuqar Ferzeliyev

Fev 24, 2022
  Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir. Azərbaycan xarici siyasətində multilateralizmə, qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktiki addımlar bunu təsdiq edir.
   Rusiya ilə Azərbaycan arasında dövlət başçıları səviyyəsində mütəmadi görüşlər keçirilir. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin «Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında» Bəyannamə imzalamışlar. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfərin qazanılmasında bu amil böyük rol oynayıb. 44 günlük Vətən müharibəsi zamanı Rusiya təmkinli davranış sərgilədi. Baxmayaraq ki, Ermənistan tərəfi bir çox amillərdən istifadə etməklə Rusiyanı öz tərəfinə çəkmək istədi Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü praqmatik və düşünülmüş siyasət buna imkan vermədi. Bununla yanaşı, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bir neçə dəfə bəyan etdi ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazilərində gedir. Məhz bu açıqlamanın özü Azərbaycanın torpaqlarını azad etmək yolunda işinə mühüm təkan və dəstək oldu.
  Rusiya Prezidenti ilə görüşündə regionda münaqişədən sonrakı vəziyyətin də ətraflı müzakirə olunduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində roluna görə Rusiyaya və şəxsən Prezident Vladimir Vladimiroviç Putinə təşəkkür edirik. Hesab edirəm ki, belə çoxillik, - otuz ilə yaxın, - qarşıdurma, Azərbaycanın üzləşdiyi böyük itkilər şəraitində bir ildən bir qədər çox vaxt keçəndən sonra Azərbaycan və Ermənistan ən azı iki beynəlxalq formatda, məhz Rusiya, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup, habelə Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanın daxil olduğu “3+3” platformasında fəaliyyət göstərirsə, bu, artıq bizim niyyətlərimizin göstəricisidir”.

   Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
  Qeyd edək ki, Azərbaycanın ikitərəfli münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir. Azərbaycan çoxşaxəli, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdür, onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib.

Vüqar Cavadov,
Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəis müavini,
YAP Cəlilabad RT İdarə Heyətinin üzvü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir