• Be. Noy 25th, 2024

Cəlilabadda şəhid həkim leytenant Mirlətif Ağayev “17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü” anıldı

ByYenigun.news

İyn 17, 2021

17 iyun 2021-ci il tarixdə Cəlilabad rayon Ləkin kəndində Vətən müharibəsində şəhid olan həkim leytenant Mirlətif Ağayevin anım tədbiri keçirildi. Məlumdur ki, 44 günlük Vətən müharibəsində şanlı zəfərin əldə olunmasında tibb işçilərinin də böyük qəhrəmanlıqları olub. Belə igid, qəhrəman tibb işçilərindən biri də həkim leytenant Mirlətif Ağayevdir. Bu gün şəhidin ailə üzvləri, iş yoldaşları, rayon ictimaiyyət nümayəndələri şəhidlərin əziz xatirəsi üçün əbədiləşdirilən, Ləkin kəndində yerləşən “Şəhidlər Parkı”nda anım tədbirinə toplaşdılar. Tədbirdə RİH-nin nümayəndəsi Mirəli Kazımov, rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Ombudsmanın Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, YAP RT-nın nümayəndəsi Ziya Qürbətov, iş yoldaşı, həkim Vüsalə Baxşəliyeva, Musalı kənd tam orta məktəbin tarix müəllimi Adıgözəl Nuriyev, kənd bələdiyyəsi Asif Quliyev öz çıxışlarında şəhidin qəhrəmanlıq yolundan danışaraq, həkim-leytenant Mirlətif Ağayevin hər zaman cəbhədə öndə olduğunu, yaralı hərbi qulluqçularımıza ilk tibbi yardım etməklə onların həyata qaytarılmasında müstəsna xidmətlər göstərərək, şərəfli peşə borcunu layiqincə yerinə yetirdiyini qeyd etdilər.

Mirlətif Ağayev 1990-cı ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda könüllü surətdə cəbhəyə yollanan Mirlətif Ağayev həm həkimlik, həm də insanlıq borcunu yerinə yetirərək 247 yaralını döyüş meydanından çıxararaq onları həyata qaytarıb. O, təkcə həkim kimi deyil, fəal döyüşçü kimi də şücaət göstərib. Füzuli, Cəbrayıl və Qubadlı uğrunda döyüşlərdə iştirak edib və oktyabrın 26-da Qubadlının Balasoltanlı kəndində şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir