• Be. Apr 29th, 2024

Xocalı Soyqırımı XX əsrin ən böyük faciəsidir.

ByVuqar Ferzeliyev

Fev 23, 2022
 Ulu Öndər Heydər Əliyev deyirdi: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Bu sözləri ilə Ulu Öndər bizim bir xalq kimi, hiss etdiklərimizi və ürəkdən hayqırdıqlarımızı dilə gətirmişdir. Öz xalqını zaman-zaman “dənizdən-dənizə Ermənistan” xülyası ilə qanlı cinayətlərə aparmış erməni millətçi başbilənlər xarici dairələrin əlində alətə çevrilərək həmişə avantüralar girdabına yuvarlanmışlar. 30 ildən artıq davam etmiş növbəti belə təcavüzkar siyasətin ötən ilin payızında Azərbaycan xalqının Vətən müharibəsində tarixi Qələbəsi ilə puça çıxarılması, görəsən, bu başabəla topluma birdəfəlik dərs olacaqmı? Çağdaş dünyanın gözü qarşısında əlləri Xocalı və Birinci Qarabağ müharibəsində şəhid düşmüş qardaş-bacılarımızın qanına batan cəlladlar dəqiq bilirdilər ki, qeyrətli Azərbaycan xalqı hər tökülən damcı qanı yerdə qoymayacaq, qisasını alınacaqdır.
   Xocalı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir bir cinayətdir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, işğalın nəticəsində xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
   Bu illər ərzində dövlətimiz tərəfindən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə doğru məlumatlar çatdırılır, bir çox tədbirlər keçirilir və kompaniyalar aparılırdı. Prezident İlham Əliyev deyirdi: "Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər".
   Dünənki, yurd-yuvalarından didərgin düşmüş uşaqlar Vətən uğrunda döyüşlərdə iştirak edərək, öz dədə-babalarının qisasını aldılar. Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı sülhə məcburetmə əməliyyatına başlamaq haqqında qərar verdi.Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir. Azərbaycan xalqı bir daha göstərdi ki, heç bir cinayət cəzasız qalmamalıdır. Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini, Birinci Qarabağ müharibəsini unutmarıq və unutdurmarıq.

Ofeliya Qəhrəmanova, H. Ə. Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir