• Be. Apr 29th, 2024

Milli xeyriyyəçilik ənənələrinin davamçısı

ByVuqar Ferzeliyev

Fev 20, 2022

Mehriban Əliyeva Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olundu. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında öz fikrini söyləmək olduqca ciddi və məsuliyyətli vəzifədir. O, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidentidir.
Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir sektoru olan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Mehriban xanım Əliyeva 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Fondun çoxşaxəli fəaliyyətini göz önündə canlandıranda belə bir əzəmətli mənzərədən heyrətlənməmək olmur. Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirib, hətta fəaliyyət göstərdiyi illərdə ölkənin həm daxildə, həm də xaricdə vüsətli inkişafına, böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə öz fəaliyyətilə güclü dəstək olmuşdur.
Heydər Əliyev Fondu məhz milli-bəşəri ideyaların tərənnümçüsü, daşıyıcısı olması ilə qüdrətlidir. Mehriban Əliyevanın Fondun rəhbəri kimi, ən böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb kimi yeni nəslə öyrədilməsi, təbliğ olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq qalaraq, milli-mənəvi dəyərlərimizi özünün həyat tərzində, əxlaqında və düşüncəsində yaşadaraq ulu öndərin yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini möhkəm özüllər üstə qurmağa, onu inkişaf etdirməyə aparan ən işıqlı yoldur.
İctimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial-mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban Əliyevanın daim diqqət mərkəzində olmuşdur. Yaşı 18-ə çatmış qızların uşaq evindən sonrakı taleyi bu gün cəmyyəti narahat edən məsələlərdəndir. Bunu nəzərə alan Heydər Əliyev Fondu internat həyatı başa çatan qızlar üçün yaşayış binası tikmişdir. Bu layihə müstəqil həyata qədəm qoyan qızların həyatını izləməklə bərabər, eyni zamanda onlara mənəvi dəstəyin ifadəsidir. Humanizmi, mərhəməti, xeyirxahlığı ilə həyata keçirdiyi genişəhatəli layihələr fəaliyyətinin başlıca meyarı olmuşdur. Mehriban xanımın bu layihələri böyük həssaslıqla, ən kiçik detallarına, incəliklərinə qədər izləməsi, proseslərin içərisində olması da Onun özünəməxsus iş üslubuna, xarakterə malik olduğunun aydın göstəricisidir. Bütün bunları göz önünə alanda görürük ki, O, tarixdə yaşamış vətənpərvər, maarifpərvər qadınlarımızın örnək olan həyatını öz fəaliyyətində yeni anlamda, həm də ləyaqətlə davam etdirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərmiş olur.

Ofeliya Qəhrəmanova, Heydər Əliyev Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir