• Şb. Dek 21st, 2024

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb, qətnamə qəbul olunub – FOTO

ByYenigun.news

Apr 23, 2022

Bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimi keçirilib.

“Report”un məlumatına görə, əvvəlcə Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilən diaspora nümayəndələrinə “Əməkdar elm xadimi” fəxri adı, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, “Dostluq” ordeni və “Tərəqqi” medalı təqdim olunub.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, V Qurultay dünya azərbaycanlıların fəaliyyəti üçün mühüm rol oynayacaq.

Onun sözlərinə görə, artıq müharibə başa çatıb, torpaqlarımız işğaldan azad olunub, indi qarşımızda Qarabağın bərpa olunması hədəfi durur. Postmüharibə dövründə Şuşada görülmüş işlərlə bağlı danışan A.Kərimov qeyd edib ki, şəhərdə bütün işlər Baş Plana uyğun həyata keçirilir. Zəfər yolunun fəaliyyət göstərdiyini xatırladan A.Kərimov vurğulayıb ki artıq daha sürətli magistralın tikintisi də sürətlə davam etdirilir.

O bildirib ki, Şuşanın turizm potensialından istifadə olunması üçün yeni layihələr həyata keçiriləcək. Şuşanın əsas inkişaf profilinin turizmlə bağlı olacağını nəzərə çatdıran A.Kərimov yaşadıqları ölkələrdə müxtəlif peşə sahibləri olan diaspor nümayəndələrini öz fəaliyyət sahəsi üzrə beynəlxalq simpozium və tədbirlərin Şuşada keçirilməsini təşkil etmək işində aktiv olmağa çağırıb.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov Prezident İlham Əliyevin “Şuşasız Qarabağ, Qarabağsız da Azərbaycan yoxdur” sözlərini xatırladıb. İşğal dövründə Ermənistanın tarixi-mədəni abidələrə qarşı yol verdiyi vandallıqdan söz açan M.Abbasov Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, azad Şuşada tarixi-mədəni abidələrin bərpa olunduğunu bildirib:

“Şuşada yeddi yaşayış massivinin, məscid və digər obyektlərin tikintisi davam edir. Düzdür, hazırda Şuşada tikinti davam etdiyi üçün bir qədər sıxlıq yarandı. Ancaq Dövlət Komitəsindən xahiş edəcəm ki, VI Qurultay da məhz Şuşada keçirilsin. Söz verirəm ki, növbəti Qurultayda yerləşmə və digər məsələlərdə hər-hansı bir çətinlik olmayacaq”.

Bağlanış mərasimində Zəfər Qurultayının iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub. Müraciətdə bildirilib ki, Qurultayın Şuşada keçirilməsi ciddi ictimai-siyasi hadisədir.

Müraciətdə qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatının incəlikləri dünyanın müxtəlif hərbi mərkəzləri tərəfindən öyrənilməkdədir.

Bağlanış mərasiminin sonunda Zəfər Qurultayının iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP) və Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətinə müraciətləri, Qurultayın qətnaməsi qəbul edilib.

Həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi müəyyənləşib. Yeni seçilən tərkibdə Əlaqələndirmə Şurasının sədri Prezident İlham Əliyev, üzvləri Birinci vitse-prezident Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçiləri Anar Ələkbərov və Hikmət Hacıyev, Humanitar siyasət, Prezident Administrasiyasının diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, xarici işlər naziri Ceyhun Bayramov, təhsil naziri Emin Əmrullyaev, gənclər və idman naziri Fərid Qayıbov, mədəniyyət naziri Anar Kərimov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov (Əlaqələndirmə Şurasının icraçı katibi), Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xalq yazıçısı Sabir Rüstəmxanlı, AHİK sədri Səttar Mehbalıyev, parlamentin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov, Xalq yazıçıları Anar Rzayev, Çingiz Abdullayev, Elçin Əfəndiyev, ADA Universitetinin rektoru Hafiz Paşayev, Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbov daxil ediliblər. Eyni zamanda Əlaqələndirmə Şurasında bir sıra diaspor təşkilatları təmsil olunacaq.

Bununla da Dünya Azərbaycanlılarının V Qurultayı başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir