“Bu gün mən biz ərazi bütövlüyümüzü bərpa edərkən özbək xalqının və Özbəkistan Prezidentinin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etmək istərdim. Azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər”.
Bunları Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında deyib.
“Özbəkistan Prezidentinin sözləri, bizim Qələbəmiz münasibətilə təbrikləri – bütün bunlar, təbii ki, Azərbaycanda dost sözü, qardaş sözü kimi qəbul edilir. Biz bunu yüksək qiymətləndiririk və öz tərəfimizdən biz də bütün məsələlərdə Özbəkistanın, özbək xalqının yanındayıq. Bugünkü səfər buna daha bir sübutdur. Əslində, biz bu gün iqtisadi qarşılıqlı fəaliyyət, biznes strukturlarının əlaqələri, təhlükəsizlik, müdafiə qabiliyyəti ilə bağlı məsələlər, xarici siyasətlə bağlı təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, humanitar sahə ilə, mədəniyyətlə bağlı məsələlər barədə danışırıq, yəni, sözün geniş mənasında bu gün bizim gələcək aktiv qarşılıqlı fəaliyyətimizin əsası qoyulur və əminəm ki, nəzərdə tutduqlarımızın hamısı yerinə yetiriləcək”, – İlham Əliyev vurğulayıb.